Lent.az-ın “Taym-aut” layihəsinin növbəti qonağı sabiq futbolçu, “Qəbələ” klubuna baş məşqçi kimi tarixində ilk titulu qazandıran şəxs, Azərbaycan kubokunun qalibi Sənan Qurbanovdur. Futbolçu kimi istəklərini tam reallaşdıra bilməyən Qurbanov hazırda işsiz olsa da, məşqçi kimi qarşısına böyük məqsədlər qoyub. Həmsöhbətimizin həyat hekayəsində maraqlı məqamlar kifayət qədərdir...
“Məni necə döydüsə...”
“Bakıya 1980-ci ildə, mən 6 aylıq olanda köçmüşük. Əvvəlcə Nərimanov rayonunda, “Ulduz” metrosu tərəfdə qalırdıq. Orda böyüyüb boya-başa çatmışam. Ailədə 3 uşaq olmuşuq: 1 bacı, 2 qardaş. Mən evin sonbeşiyiyəm. Atam da, anam da soyuducu zavodunda işləyirdi. Nərimanov rayonunda yerləşən 37 nömrəli məktəbdə oxumuşam. Uşaqlıqda dəcəl, davakar olmuşam. Böyük qardaşım var idi deyə, çox kürlük edirdim. O, məni başqa uşaqlarla dalaşdırırdı. Boyum hündür idi, daha çox özümdən yaşda böyüklərlə əlbəyaxa döyüşürdüm. Uzun müddət yaxşı gedirdim, ancaq döyürdüm. Sonra Tərlan adlı məhəllə uşağı məni necə döydüsə... (gülür). O, 3 yaş böyük idi. Məni döyəndən sonra bir az özümə gəldim, dedim düşüm yaşıdlarımın canına (yenə gülür)”.
“Bütün məktəb bizə “bolet” etməyə yığışdı...”
“Dalaşqan olduğuma görə məktəb vaxtı evimizə çox şikayətə gəliblər. Daha çox başqa siniflərin uşaqları ilə dalaşırdım, sözümüz çəp gələndə vururdum. Yadıma bir hadisə düşdü. 6-cı sinifdə oxuyurdum. Paralel sinifdə yaxşı dalaşan bir uşaq var idi. Bir gün onunla dalaşmağa qərar verdim. Məktəbin bütün uşaqları bizə “bolet” etməyə yığışdılar. Hamıya maraqlı idi ki, görək, kim döyəcək? İndi ətrafımızdakılar gözləyir, amma nə mən vururam, nə də o. İkimiz də bir-birimizdən çəkinirdik. Öz-özümə dedim ki, ilk zərbəni mən vurum, “gözünü qırım”. Yanımızda yaxşı oxuyan uşaq dayanmışdı, gözünə eynək taxırdı. Yumruq atmaq istəyərkən yolüstü necə həmin uşağa vurdumsa, yıxıldı, eynəyi qırıldı. Mənimlə dalaşmağa gələn oğlan bunu görən kimi fikrindən daşındı. Müəllimlər gəldilər, aləm dəydi bir-birinə. Mənə dedilər ki, qaç, canını qurtar, o uşağın valideyni səni tapsa, birtəhər edəcək. Atası, anası evimizə şikayətə gəldilər. Eynəyin şüşəsinin uşağın gözünə girə biləcəyindən çox qorxmuşdum. Sonra həmin oğlanla dost olduq, böyüyəndən sonra da bir-birimizə gedib-gəlirdik”.
“Atam cavan vaxtı müğənnilik, tamadalıq edib”
“Dərslərimi oxuyan uşaq olmamışam. Amma ədəbiyyatdan qiymətim əla idi, çünki şeirləri yaxşı əzbərləyirdim. Futbola başlayandan sonra oxumağımda əməlli-başlı problem yarandı. Buna baxmayaraq, 11 illik məktəbi bitirə bildim. Futboldan öncə güləşə getmişəm. Evdəkilər dalaşqan olduğumu görüb güləşə qoymuşdular məni. Yadımdadır ki, turnirlərin birində yarımfinala qədər irəliləmişdim. Həmin periodda atam məni tara da yazdırmışdı. Atam musiqiçi olub. Cavan vaxtı kəndimizin toylarında müğənnilik, tamadalıq edib. Buna görə də məni tara, qardaşımı isə qarmona yazdırmışdı. Amma 4-5 aydan sonra tar dərslərinə getmədim, 1 il olmamış güləşdən də çıxdım, çünki bütün diqqətim futboldaydı. Tar ifa etmək bir yana, tar tutmağın özü belə çox çətindir. Tarımı uzun müddət saxladım, sonra əmim gəlib apardı. Dedi ki, sən ifa etmirsən, yalandan yer tutur, ver mənə (gülür). Mənimlə müqayisədə qardaşım uzun müddət qarmona getdi, indinin özündə də ifa etməyi bacarır. Ancaq o da musiqiçi olmaq istəmədi. Onu da deyim ki, uşaq vaxtı mahnı zümzümə etməyi xoşlayırdım, kişidən keçmişdi mənə. Amma indi musiqi dinləməklə, oxumaqla aram yoxdur”.
“Metirka”mı evdən xəbərsiz vermişdim”
“Nəslimizdə mənə qədər futbolçu çıxmamışdı. Amma dayımda və qardaşımda maraq var idi. Futbolla peşəkar səviyyədə birinci mən məşğul olmuşam. 12 yaşım var idi, məktəblərarası çempionatda futbol oynayırdıq. Bir dəfə “Gənclik” tərəfə başqa məktəblə oynamağa getmişdik. Elə oldu ki, görüş alınmadı. Uşaqlar dedilər ki, bura kimi gəlmişik, boşuna qayıtmayaq. O vaxt Tofiq Bəhramov adına Respublika stadionunda “Ezdişor” uşaq futbol məktəbi fəaliyyət göstərirdi, sonra adını dəyişib “Ağrıdağ” qoydular. 15-16 uşaq getdik ora. Məşqçi Canbaxış müəllim bizi qəbul etdi, məşqə buraxdı. Sonra həmin uşaqlar futbolun başını buraxdılar, təkcə mən sona qədər davam etdim. Yadımdadır ki, futbola yazılanda sənəd - doğum haqqında şəhadətnamə istəmişdilər. “Metirka”mı evdən xəbərsiz vermişdim”.
“Oyunumu bəyəndiyindən, fikrindən daşınmışdı”
“Bir gün Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda oyunumuz var idi. Atam məni aparmağa gəlibmiş. Çünki məktəbdə şikayət etmişdilər ki, Sənan oxumur. Həmin görüşdə 2:0 hesabı ilə qalib gəldik, hər iki qolu mən vurdum. Oyundan sonra uşaqlar dedilər ki, atan gəlmişdi, baxıb getdi. Oyunumu bəyəndiyindən, məni aparmaq fikrindən daşınmışdı. Evə qayıdanda bildirdi ki, bu yola başlamısansa, sonadək get. Uşaq futbolu məndə həddindən artıq yaxşı alınırdı. Futbola yeni başlayanda hücumameyilli yarımmüdafiəçi mövqeyində oynayırdım”.
“İtaliya ilə heç-heçə etdik”
“Qısa zamanda özümü yaxşı tərəfdə göstərə bilmişdim, təkliflər gəlirdi mənə. Elə oldu ki, FŞM komandasına getdim. Sonra qərar çıxdı ki, U-15 millisindən 10 nəfəri Trabzona göndərəcəklər. Həmin heyətdə mən də yer aldım. Təxminən 1 ay Türkiyədə qaldıq. Bizdən cəmi 2 nəfəri saxladılar, digər uşaqlarla qayıtdım Bakıya. Sonra U-16 yığmasının heyətində yer aldım, baş məşqçimiz Nadir Qasımov idi. İtaliya, Rumıniya və Rusiya ilə eyni qrupda yer almışdıq. Nadir müəllimin rəhbərliyi altında Samsunda təlim-məşq toplanışında olduq. Yadımdadır ki, İtaliya ilə oyun 0:0 hesabı ilə bitdi, mən də həmin görüşdə iştirak etdim. Amma sonrakı matçlarda uduzduğumuz üçün qrupdan çıxa bilmədik. Ardınca Əsgər Abdullayevin rəhbərliyi altında U-18 yığmasında oynadım. Sonra “Xəzər Universiteti”nə keçdim, ordan isə rəhmətlik Ruslan Abdullayevin komandasına - “Dinamo”ya yollandım. Karyeram ərzində daha çox “Şəfa” klubunda oynamışam”.
“Darıxdığım üçün Azərbaycana qayıtdım”
“Şəfa”da oynayanda Moskva “Torpedo”sundan təklif aldım. Yola saldılar, getdim Rusiyaya. Həmin vaxt “Torpedo” Premyer Liqadan düşmək təhlükəsi ilə üz-üzə qalmışdı. Yoldaşlıq oyununda qol vurdum. Mənə qalmağı, ancaq klubun əvəzedici komandasında oynamağı təklif etdilər. “Şəfa” ruslardan pul istədi, “Torpedo” isə buna razılaşmadı. Azərbaycana qayıdandan sonra qarşıma məqsəd qoydum ki, mütləq legioner həyatı yaşamalıyam. O ərəfədə İranın “Saypa” klubundan təklif gəldi, getdim ora. İranda böyük futbol gördüm, 8 ay “Saypa”nın formasını geyindim. Baş məşqçi italyan idi və mənə güvənirdi. Azərbaycana qayıtmaqla səhv etdim. İndi də buna görə özümü qınayıram. Deyirəm ki, kaş İranda qalaydım. Kubok oyunlarında qol vurmuşdum, qalmağımı istəyirdilər, üstəlik, İranın başqa klubundan da təklif almışdım. Amma çox darıxırdım deyə, Azərbaycana dönməyə qərar verdim”.
“Göz yaşlarımı saxlaya bilmədim...”
“Çox zədələndiyim üçün karyeramı tez - 29 yaşda bitirmək məcburiyyətində qaldım. Sonuncu klubum “Rəvan” oldu. Ondan sonra məşqçiliyə başladım. Futbolda istədiyimə tam çata bilmədim, çox arzularım var idi. Mənə elə gəlir ki, İranda qalsaydım, karyeram daha uğurlu olardı. İndi istəyirəm ki, məşqçi kimi nailiyyətlərə imza atım, bunun öhdəsindən gələ bilərəm. “Qəbələ” klubunda uzun illər çalışdım. Həmin vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa ölkə kubokunu qazanacağam və klubun tarixində ilkə imza atacağam. Amma məşqçi kimi böyümək hədəfim var idi, indi də var. Ölkə kubokunu qazananda çox sevinmişdim, hətta göz yaşlarımı saxlaya bilməmişdim. Ona qədər 3 dəfə kubokun finalında uduzmuşduq”.
“Tez evlənməklə düz etmişəm”
“24 yaşında ailə həyatı qurmuşam. Məncə, tez evlənməklə düz etmişəm. Artıq övladlarım böyüyüb. 2 oğlum, 1 qızım var. Böyük oğlum Ömərin 16 yaşı olacaq, ikinci oğlum Əlinin isə 15. Qızım evin sonbeşiyidir. Həyat yoldaşım qohumum deyil, öz istəyimlə ailə həyatı qurmuşam, valideynlərim də razılaşıb, evlənmişik. Ömər hazırda “Neftçi”nin 15 yaşlılardan ibarət komandasında oynayır. Futbola 7 yaşında “Qəbələ”də başlayıb. Əlinin də futbola marağı var idi, “Qəbələ”də qapıda dururdu. Sonra futbolu davam etdirmək istəmədi”.
“Oğullarım sirlərini daha çox anaları ilə bölüşürlər”
“Bu vaxta kimi övladlarıma əl qaldırmamışam. Maşallah, hamısı ağıllı uşaqlardır. Onları düzgün tərbiyələndirməyə çalışırıq ki, yaxşını pisdən ayıra bilsinlər. Uşağı vurmaqla tərbiyə etmək olmaz. Onlarla dost münasibətindəyəm. Oğullarım sirlərini daha çox anaları ilə bölüşürlər (gülür). Xasiyyət baxımından mənə bənzərlikləri var. Emosional, kövrək adamam. İlk dəfə birinci övladım olanda kövrəlmişəm, Allaha ağlaya-ağlaya təşəkkür etmişəm. Çox sevinirdim, çünki ilk dəfə ata olurdum”.
“Elə adamlarla oturub-dura bilmirəm”
“Qarşımdakı insanlarda ilk növbədə səmimiyyətə önəm verirəm. Saxta, yalançı adamlarla oturub-dura bilmirəm. İstəyirəm ki, dürüstlük olsun. Üzümə gülüb arxamca danışanlara nifrət edirəm. Kişiyik, gərək sözü üzə deyək. Amma ümumilikdə bağışlamağı bacaran adamam”.
“Mənə görə özlərini oda atıblar”
“Tanışlarım çoxdur, sınanmış dostlarım da var, bu gün də yanımdadırlar. Bu gün nələrəsə nail olmuşamsa, dostlarımın çox böyük rolu olub. Futbolda və həyatda xeyli problemlərlə üzləşmişəm, hamısını dostlarım həll ediblər. Bu gün kimlərləsə aramızda inciklik varsa, bu, keçən şeydir. Əsl dostlarımın sayı 10-dan az olar. Onlar mənə görə özlərini oda atıblar. Elə adamların qədrini bilmək lazımdır”.
“Məsləhət gördülər ki, maşın alma, ev al”
“İlk maaşım 50 dollar olub. Karyeramın ilk illərində ən çox pulu isə “Qarabağ”da almışam - 500 dollar. Qaça-qaça evə gedib, həmin pulu valideynlərimə vermişdim. İranda qazandığım pulla Bakıda maşın almaq istəyirdim. Amma yaşlı futbolçular məsləhət gördülər ki, ev al, maşın oyununa təsir edəcək. Maşın gənc futbolçuya pis təsir edir, futbolu ikinci plana atırsan. Pulu dağıdan, bədxərc olmamışam. Ev almışam ki, ailə həyatı quran kimi öz evim olsun. Ailə böyüdükcə məsuliyyət daha da artır. Pulsuzluğu da, pullu vaxtı da görmüşəm. Həyatın eniş-yoxuşlarını görə-görə gəlirik”.
“Tək qalmaqdan qorxuram”
“Düzgün adamların yanında olmalısan ki, hər vəziyyətində səni tək buraxmasınlar, sənə pula görə yaxınlaşmasınlar. Ona görə deyirəm ki, səmimiyyətə böyük önəm verirəm. Dostlarımı itirməkdən, tək qalmaqdan qorxuram. İnsan bir yaş dövrünə çəlib çatır, məsləhətləşməyə adam axtarır. Adama ən birinci ailəsi dəstəkdir. Şükür Allaha, oğullarım böyüyüb. Onlarla fikir mübadiləsi aparmaq mənə ləzzət edir. İnsanın tək qalması çox pisdir. Qocalmaqdan isə qorxmuram. Əsas odur ki, düzgün yaşayasan və bu dünyadan hörmətli gedəsən”.
“O anı izləməkdən xoşum gəlir”
“Kənd həyatı çox xoşuma gəlir. Maraqlı bir şey deyim, buna çox adam təəccüblənir. Kənddə inəklər evə qayıtdığı vaxt çölə çıxıb onları izləyirəm, çünki o andan xoşum gəlir. Havanın qaralan vaxtı olur, inəklər özləri gəlib damı tapırlar, o proses çox maraqlı gəlir mənə. Samovar qalamaq, odun doğramaq, sakitlik - kənd həyatından həzz alıram. Bir də Azərbaycanın retro kinolarını çox sevirəm. Nə vaxt qarşıma çıxsa, baxıram”.
“1 ok, 2 ok, 3 problem”
“U-18 millisinin heyətində İrlandiya ilə qarşılaşırdıq. Baş məşqçimiz Əsgər Abdullayevin belə bir yanaşması var idi ki, uduzanda yemək yemirdi, depressiyada olurdu. Biz də bunu bildiyimiz üçün qorxumuzdan yeməyə getmirdik. Deməli, İrlandiyaya 0:3 hesabı ilə uduzmuşuq. Daşın üstündə oturmuşuq, heç kim yeməyə getməyə risk etmir. Gördük ki, irlandiyalı futbolçular yeməkdən qayıdırlar. Səbəbkar da bunlardır axı, udublar bizi (gülür). Məşqçilərini saxladım, dedim 1 dəqiqə dayan. Buna azərbaycanca qayıtdım ki, Allah sənə kömək olsun, sizə görə yeməyə gedə bilmirik. Sonra ingiliscə dedim ki, 1 ok, 2 ok, 3 problem. Uşaqların hamısı gülüşdü. Bu da anladı, gülməyə başladı. Uşaqlar o söhbətdən sonra qayıtdılar ki, qalxın, getdik yeməyə. Səhərigün Əsgər müəllim danladı bizi (gülür)”.